Evdə qal, geri qalma. Rəqəmli imkanlardan faydalan
Bildiyiniz kimi, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejiminin elan olunması haqqında qərar qəbul edilib. Xüsusi rejim qaydalarına əsasən, bütün təhsil müəssisələrində dərslər dayandırılmış, vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.
Beləliklə, böyüklərimizi, evladlarımızı və özümüzü qorumaq bizim vətəndaş və eyni zamanda şəxsi məsuliyyətimizdir.
Əgər xüsusi karantin rejiminə əməl etmək üçün, vətəndaşlıq borcumuzu, ailə və yaxınlarımızın qarşısında olan məsuliyyətimizi yerinə yetirmək üçün evdə qalmaq lazımdırsa, gəlin bunu edək və evdə qalmağın üstünlüklərindən istifadə etməyi bacaraq.
Dövrümüzün rəqəmli imkanlarından istifadə etməyin əsl vaxtıdır!
Rus, ingilis və digər xarici dillərdə olan rəqəmli resurslardan hamımız məlumatlıyıq. Təəssüf ki, Azərbaycan dilində olan məlumatların az olduğunu zənn edərək, doğma dilimizdə olan faydalı informasiya resurslarından bəlkə də heç xəbərimiz yoxdur. Onda gəlin araşdıraq...
1. Evdə qalan ailələrin ən başlıca sualı vaxtdan necə istifadə etmək, uşaqları nə ilə maraqlandırmaq, dərsləri oxumağa cəlb etmək, evdə qalmaqla necə geri qalmamaqdır?
Bunun üçün dövlətimiz tərəfindən yaradılan şəraitdən, elektron dərslik, elektron tədris və digər maarifləndirici materiallardan istifadə edək. Mütəmadi hazırlanan və Təhsil Nazirliyinin portallarında yerləşdirilən 3D animasiyalı videolar, multimedia məzmunlu və qiymətləndirmə sistemli video-dərslər, elektron dərsliklər, interaktiv tapşırıqlar, onlayn kursları izləyək.
2. Gənclərimiz, kitabsevərlərimiz və hər birimiz üçün maraqlı olan əsərləri, məqalələri oxumaq, elmi araşdırmalar aparmaq, üzv olduğumuz Milli və digər kitabxanalarımızın, uşaq kitabxanalarımızın imkanlarından istifadə etmək üçün hansı resurslara müraciət etməliyik?
3. Bəs kitab oxumağa vaxtımız yoxdur: ev işləri... uşaqlarla məşğul olmaq... dincəlməyə ancaq vaxt tapırıq...
Buna da əlac var. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən görmə qabiliyyəti məhdud insanlar üçün yaradılan “Danışan kitabxana”dan istifadə etmək olar. Kitabxanada 286 peşəkar səviyyədə səsləndirilmiş kitab yerləşdirilmişdir. Kitabxana vasitəsilə 8 janrda – şifahi, müasir, xarici, poeziya, tarixi, dini, uşaq və klassik ədəbiyyatı dinləmək mümkündür. Həmçinin, kitabxanaya avtomatik rejimdə işləyən (1541) xüsusi telefon xidməti vasitəsi ilə 24 saat ərzində müraciət etmək olar. Müraciət edən istifadəçi istənilən vaxt dinləməni dayandıra və bir müddət sonra dayandırılmış hissədən dinləməyə davam edə bilər.
4. Evdə qalmaq bizə bir gözəl üstünlük də verir, hər zaman vaxt tapa bilmədiyimiz bir ruh istirahətinə: muzeylərə vurtual səyahətə çıxmaq.
Bu şansı bizə “Google Arts and Culture” verir. “Google Arts and Culture” internet istifadəçilərinə virtual turlar və kolleksiyalarının onlayn nümayişlərini təqdim edən dünyanın 2500-dən çox muzey və qalereyası ilə tərəfdaşdır. Burada biz milli muzeylərimizlə yanaşı dünyanın məşhur muzeylərinə də səyahət edə bilərik.
https://artsandculture.google.com/
Həmçinin, ölkəmizin tarix-mədəni irs nümunələri, qoruqları ilə tanış olmaq, gələcəkdə onları ziyarət etmək məqsədi ilə planlarımızı qurmaq üçün isə http://heritage.org.az/ portalına müraciət edə bilərik.
5. Bütün bunlarla yanaşı biz sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, informasiya təhlükəsizliyi haqqında da unutmamalıyıq. Bələ ki, elektron təhlükəsizliyimizi necə qurmalı haqqında məlumatları haradan əldə edə bilərik?
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin www.cert.az internet informasiya ehtiyatında yeni yaranan kibertəhlükələrlə, proqram və texniki avadanlıqlarda müəyyən olunmuş təhlükəsizlik zəiflikləri ilə bağlı mütəmadi olaraq xəbərdarlıqlar və bu təhlükələrə qarşı müdafiə üsulları haqqında tövsiyə xarakterli məlumatlar və təlimatlar yerləşdirilir.
Beləlilklə, evdə qalaraq biz geri qalmaya bilərik!
İstinad: http://www.ifap.az/reports