Digital detox nədir? Faydaları və nəticələri
Müasir insanın həyatı bir çox cəhətdən demək olar ki, tamamilə virtual məkana keçib. İş, dərs, əyləncə, alış-veriş, dostlarla yazışmalar – bütün bunlar kompüterdən və ya telefondan ayrılmadan. Sosial şəbəkələrdə, şəxsi mesajlarda və poçtda yeniliklərin mütəmadi olaraq yoxlanılmasından asılılıq, daim internetdə əlaqədə olmaq – qlobal epidemiya miqyasına gəlib çıxıb. Nəhayət, zehni və fiziki sağlamlığı qorumaq üçün internetdən çıxmaq və özümüz üçün ən azından müvəqqəti rəqəmsal təcrid qurmağın vacibliyi bizə artıq aydın oldu.
İnternetdən ayrılmaq yeni tendensiya olaraq “digital detox” (rəqəmsal detoks) adı alıb. Həyatın tam rəqəmsallaşmasından yaranan kütləvi yorğunluqdan sonra bu təcrübə çox populyarlaşdı.
Rəqəmsal detoks, müəyyən müddət ərzində mobil cihazlardan və internetdən istifadə etməkdən şüurlu şəkildə imtina etməyi nəzərdə tutur. Ən sadə detoks üçün, sosial şəbəkələrdəki xəbər yeniləmələrini yoxlamamaq və ya gələn mesaja dərhal cavab verməmək məqsədilə, hərdən bir telefonu və digər cihazları söndürmək kifayətdir.
Vaxtınıza nəzarət etməkdə sizə kömək olacaq bir neçə məsləhət hazırladıq.
- “Təyyarə rejimini” gündəlik həyatda da istifadə etmək olar. Vacib xəbər gözləmirsinizsə, telefonu ən azı bir saatlıq bu rejimə salın. Gələcəkdə saat aralığını artırmaq olar, və getdikcə telefonsuz qalmaq sizə artıq rahat gələcək.
- Mümkünsə, bütün iş yazışmalarını bir proqrama toplayın. Bu halda diqqətiniz bir neçə kanala yayınmayacaq və internetdə keçirdiyiniz vaxt azalacaq.
- Hər dəfə yatmazdan əvvəl və ya oyandıqdan dərhal sonra telefonu əlinizə götürmək istəyindən qurtulun – telefonu başqa otaqda saxlayın ki, gəzmək məcburiyyətində qalacağınız bir məsafədə olsun. Dəqiqə başı telefona görə yerinizdən durmaq sizi bezdirəcək və axırda onu unudacaqsınız.
- Özünüzə bir neçə saat telefonsuz keçirəcəyiniz gün təyin edin. Həmin gün maraqlı fəaliyyətlə məşğul olun: gəzinti, idman, teatra ya muzeyə getmək və ya dostlarla görüşmək. Vərdiş halına gətirmək üçün bu qaydaya sadiq qalmağa çalışın. Sonra isə tam günü telefonsuz keçirməyi cəhd edin. Əvvəllər telefon olmadan da rahat yaşamaq mümkün idi axı, yadınızdadır?
- Telefondan təkbaşına imtina etməkdə çətinlik çəkirsinizsə, müxtəlif şirkətlər məhz bunun üçün artıq çoxlu sayda məhdudlaşdırıcı tətbiqlər yaradıblar. Sadəcə bu tətbiqlərdən birini telefonunuza quraşdırın – təyin etdiyiniz vaxt aralıqlarında həmin proqram telefonu bloka salacaq.
Yuxarıda göstərilən qaydalardan ən az bir neçəsini həyatınıza tətbiq edərək, həqiqətən vacib işlərinizə nə qədər boş vaxt qazandıra biləcəyinizə təəccüblənəcəksiniz.