Valideynlər və gələcək analar üçün onlayn platformalar
Pandemiya haqqında danışarkən, tez-tez "həyat dayandı" ifadəsini istifadə etməyimizə baxmayaraq, həyat davam edir və hətta yenisi başlayır, sadəcə daha məhdud imkanlar şəraitində. Evdə uşaqları ilə oturan analar və yaxın gələcəkdə uşaq sahibi olmağı planlaşdıranlar üçün xüsusilə çətindir. Təəssüf ki, uşaqların inkişafı və valideynləri ilə vaxt keçirmək üçün nəzərdə tutulan demək olar ki, bütün yerlər bağlıdır. Bəs belə vəziyyətdə valideynlər nə etməlidir? Hamı kimi, internet resurslarına müraciət etməlidir. Bu məqalədə Azərbaycanda valideynlərin köməyinə gələ biləcək onlayn resurslara nəzər salmaq istayirik.
- Alimok 3-10 yaş arası uşaqlar üçün təhsil platforması. Bu platformada sensorika, təfəkkür, Azərbaycan dili, riyaziyyat və digər sahələr üzrə interaktiv dərslər təqdim edilir. Dərslərin iki dildə, Azərbaycan və rus dillərində təqdim olunması xüsusilə sevindiricidir. Dizayn intuitiv hazırlanıb, hətta balaca uşaqlar valideynlərin köməyi olmadan platformadan asanlıqla istifadə edə bilərlər. Yəni, ana uşağa lazım olan dərsə qoşula və bir müddət öz işi ilə məşqul ola bilər;
- Ağıllı Bala - YouTube kanalı isə məktəbəqədər uşaqların və ibtidai sinif şagirdlərinin valideynlərinə kömək edə bilər. Kanal şaxələndirilmiş məzmuna malikdir, burada əlifba, nağıllar, uşaq mahnıları ətraf mühit və hətta koronavirus haqqında videolar mövcuddur. Kanaldakı bütün məlumatlar Azərbaycan dilində təqdim olunur və 60 min nəfərlik geniş auditoriyaya malikdir. Mütəmadi olaraq yenilənir;
- Valideyn olmağa hazırlaşanlar üçün pandemiyadan əvvəl kurslar populyarlıq qazanmışdı, onlar və ümumiyyətlə belə təşəbbüslər əsasən beynəlxalq proqramlar əsasında yaradılırdı və yerli şəraitə uyğunlaşdırılmış faydalı və mütərəqqi məlumatları özündə birləşdirirdi. Mövcud vəziyyətdə isə onlayn mənbələrə müraciət etmək lazımdır və belə proqramlar da mövcuddur. Avropa Birliyi və UNİCEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən yaradılmış ilk5il məhz belə bir portaldır. Portalın əsas məqsədi valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirməkdir. Materiallar dünya standartlarına uyğun olaraq, Azərbaycan dilində təqdim olunur: qidalanma məsələlərindən nağıllara qədər;
- Mövcud şəraitdə gənc analar və hamilə qadınlar körpələrə ana südünün verilməsinin vacibliyi haqqında məlumatları və lazımi məsləhətləri almaq üçün əsasən internet resurslarına müraciət edərək əldə edə bilərlər. Belə ki, Anasüdü saytına diqqət yetirməyinizi tövsiyə edirik. Bu sayt yalnız ana südü ilə bağlı problemlərə həsr edilmişdir: məqalələr, illüstrasiyalar və ən əsası video materiallar evdən çıxmadan bir çox məsələni həll etməyə kömək edəcək. Həmçinin Pediatriya.az portalında da oxşar formatda daha geniş suallar əhatə edilir;
- Ümumiyyətlə və xüsusən də indiki şəraitdə sizi dinləyə, məsləhət verə və probleminizi sizinlə birgə yaşaya biləcək real insanı, ananı və sadəcə qadını heç nə əvəz edə bilməz. Bunun üçün isə analıq və hamiləliyə həsr olunmuş Active Moms Club, Analar Klubu, SupermaM kimi forumlarda qeydiyyatdan keçərək, qruplarda aparılan müzakirələrə qoşulmaq və sizi narahat edən suallara cavab tapmaq olar.