Həqiqət yoxsa yalan?! İnternetdə oxuduğumuz məlumatlarda nəyə diqqət etməliyik
Adətən, biz müxtəlif mənbələrdən və mediadan davamlı olaraq, fərqli məlumatlar əldə edirik. Bəs xəbərin saxta olub-olmadığını və ya həqiqətən doğruluğunu başa düşə biləcəyimiz əsas yollar varmı?
Belə bir vəziyyətdə ilk öncə, əvvəlki illərdəki xəbərlərdə belə bir məlumatın olub olmadığını mütləq yoxlamaq lazımdır. Hal-hazırda gördüyümüz və həddindən artıq şişirdilmiş xəbərlər dünyada qlobal təşviş yaradır. Adətən, bu cür xəbərlərin mətnləri keçmiş xəbərlərdən götürülür və sadəcə yeni məlumatlar əlavə olunaraq yayımlanır.
Üstəlik, mətn baxımından sizə necə təsir etdiyinə diqqət yetirin (yeri gəlmişkən, bu məsuliyyəti psixolinqvistika daşıyır – kim nəyi necə yazır və həmçinin çap edir). Buradan ikinci vacib qayda əmələ gəlir – mətni oxuduqda hər zaman oz-özümüzə sual verməliyik: o bizdə hansı emosiyaları yaradır?
Əgər xəbər çox güclü, coşqun və hətta emosiyaların əsaslı dəyişməsinə səbəb olarsa (yaxşıdan pisə və ya əksinə), buna tənqidi yanaşmaq lazımdır və öz-özümüzə sual verməliyik ki: görəsən indi məni hansısa məqsədlərə görə yükləyirlərmi?
Çox vaxt sadə məlumatlandırmadan ibarət xəbərlər etik və sağlam şəkildə yazılır. Məqsədyönlü xəbərlər isə müxtəlif neqativ hallarla nəticələnə bilən manipulyasiyalı, insanlarda qorxu yaradan və ya insanları yanlış addıma sövq etdirən (qeyri-qanuni) məlumatlardan ibarətdir. Hər bir insanın emosiyası var və hər bir insanın emosiyasını “öz xeyirlərinə” istifadə edə bilərlər.
Üçüncü qayda - sizi emosional cəhətdən sarsıtmağa çalışdıqlarını təyin etdikdən sonra analiz etməyə çalışın: nəyə görə?
Bəli, tənqidi düşüncəni özündə cəmləşdirməyə çalışaraq, ən yaxşı obyektivliyə nail ola bilərsiniz. Öz vəziyyətinizə diqqət edərək, bu sualları öz-özünüzə verməlisiniz, hal-hazırda mən nə hiss edirəm? Niyə?
Düşünmək lazımdır ki, bir cümlə, bir məqalə və ya bir yazı sizdə hansı coşqun emosiyaları yarada bilir? Aydın başla düşünün: bunlar məndə hansı fikirləri formlaşdırmaq istəyir? Məni nəyə sövq etmək istəyirlər?
Adətən, bu tip xəbərlərdə eyni sistemdən istifadə edilir. Oxucularda qorxu və ya maraq yaradırlar. Sonra insanları lazımı hisslərlə və məlumatlarla yükləyirlər, daha sonra isə diqqət yetirsəniz – hara gedəcəyinizi və nə edəcəyinizi göstərirlər.
Buna bənzər xəbərlərlə qarşılaşdıqda, qəzəbli duyğular hiss etdikdə, üstəlik alınan məlumatların düşüncənizdə formlaşdırdığı qısa bir xülasədən sonra siz nə düşünməyinizin və ya nə edəcəyinizin fərqinə varırsınızsa o zaman düşünməlisiniz ki, bu xəbər ümumiyyətlə doğrudur ya yox?
Yuxarıda göstərilənlərin nəticəsi olaraq, məntiqi bir sual ortaya çıxır: bunu kim öyrətməlidir? Bir insan bilməlidir ki, öz duyğularını necə inkişaf etdirmək lazımdır və həm də bilməlidir ki, hansı duyğunu yaşayır və nəyə görə?
"Media savadlı" olmağınıza kömək edəcək bacarıqları necə əldə edə bilərsiniz? İlk növbədə bilmək lazımdır ki, insanların hissləri onların fikirlərindən formalaşır. Mediada manipulyasiya və ya insanlar arasında çaxnaşma yaratmaq istəyənlər insanların fikirlərini qarışdırıb hisslərini məqsədyönlü idarə edirlər. Hisslərimizi idarə etmək istəyiriksə, oxuduğumuz hər hansı bir xəbərə qarşı tam obyektiv olmaq lazımdır. Hər hansı bir xəbəri oxuduqda hissiyata qapılmadan əvvəl çalışmalıyıq ki, həmin xəbəri analiz edək. Analiz etmək üçün diqqət yetirmək lazımdır ki: Bu xəbər niyə paylaşılır? Kim tərəfindən paylaşılır? Bu xəbər kimə mənfəət gətirə bilər? Xəbəri yayanlar çox gözəl bilirlər ki, insanın hissiyatı düşündüyü fikirlərdən dərhal sonra yaranır. Ona görə də yalan xəbərlər hər zaman çox şişirdilmiş formada paylaşılır.